Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fransanın Sənaye Nazirliyi 2010-cu ildə imzalanan “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fransa Respublikasının Sənaye Nazirliyi arasında innovasiya sahəsində əməkdaşlığa dair Saziş”ə yeni düzəlişlər daxil edəcəklər. Bu barədə RİTN-in məlumatında bildirilir.
Bu məsələ rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşü zamanı müzakirə edilib.
Tərəflər sazişə dəyişikliklərin daxil edilməsinin məqsədəuyğun olması və 2013-cü ildə yenidən imzalanması barədə qərar qəbul ediblər.
Bundan başqa, Ə.Abbasov və P.Mönye II Fransa-Azərbaycan İKT Forumunun keçirilməsi məsələsini müzakirə ediblər.
Nazir ölkəmizdə İKT sektorunda aparılan islahatlar və həyata keçirilən milli və regional layihələr, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə səfirə məlumat verib.
Ə.Abbasov qeyd edib ki, Azərbaycanın ilk süni peykinin (Azerspace) Kuru kosmodromundan (Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzi – İF-Az) 2013-cü ilin fevral ayında “Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılması və geostasionar orbitə çıxarılması əməkdaşlığın yeni istiqamətinin təməlimi qoyacaq.
P.Mönye VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkilindən və nəticələrindən, həmçinin “BakuTel-2012” sərgisindən məmnunluq ifadə edib. Diplomatın sözlərinə görə, Fransa şirkətləri növbəti ildə sərgidə iştirak etmək niyyətindədirlər.
“Şirkətlərimiz gələcəkdə də bu sahədə əməkdaşlığın davam etdirilməsində, aşağı orbitli telekommunikasiya peyklərinin buraxılmasında, Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində maraqlıdırlar”, - deyə P.Mönye bildirib.