Ermənistanin baş naziri Tiqran Sarqsyan Azərbaycanı Qarabağ münaqişəsinin nizamlanması üzrə destruktiv mövqedə ittiham edərək yerli və xarici ictimaiyyəti qəsdən aldadır. Azərbaycanlı politoloq Fikrət Sadıxov belə hesab edir.
“Beynəlxalq hüquq normaları nöqteyi-nəzərindən ərazisinin bir hissəsi işğal edilən Azərbaycanın hansı məsələdə destruktivlik nümayiş edəcəyi mənə aydın deyil. Azərbaycanın yeddi rayonu erməni ordusunun işğalı altındadır. Dağlıq Qarabağda təcavüzkar separatizm tüğyan edir, burada bir azərbaycanlı da yaşamır”, - deyə F.Sadıxov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Politoloqun sözlərinə görə, Azərbaycan ərazisinin 20%-ni işğal edənlərlə danışıqlar apararaq böyük güzəştə gedir.
Öncə Ermənistanın baş naziri “İnterfaks” agentliyinə müsahibəsində Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş perspektivlərini şərh edərək bəyan edib ki: “Tunelin sonunda işıq yalnız Azərbaycan destruktiv mövqeyindən əl çəkəndə görünəcək”.
“Tiqran Sarqsyan faktları tamamilə təhrif edir və qəti olaraq yalan danışır. Görünür, o kiminsə xoşuna gəlməyə çalışır. Mən onu anlayıram, indi Ermənistanda seçkiqabağı mübarizə başlayır”, - deyə F.Sadıxov həmin bəyanatı şərh edib. “Əgər o real vəziyyəti dərk etmirsə, bir qəpiyə dəyən siyasətçi deyil. Lakin əgər bunu anlayırsa və kimisə buna inandırmağa çalışırsa, bu Azərbaycana heç bir aidiyyatı olmayan digər məsələdir”, - deyə politoloq bildirib.
T.Sarqsyan Gürcüstan və Rusiya arasında dəmir yolunun bərpa edilməsinin İrəvan tərəfindən dəstəklənməsi barədə fikrə münasibət bildirərək F.Sadıxov qeyd edib ki, Ermənistan nəqliyyatının təcrid olunmasında özü günahkardır. “Qarşısı alınmaz dərəcədə təkəbbür və qonşu dövlətlərə qarşı ərazi iddiaları səbəbindən günahkar ilk növbədə Ermənistan özüdür. Yeri gəlmişkən, onun Gürcüstana qarşı, ermənilərin kompakt yaşadığı Axalkalaki rayonuna iddiaları var. Gürcüstanda bu barədə bilməlidirlər və unutmamalıdırlar”, - deyə politoloq vurğulayıb.