2012-ci ilin yanvar-sentyabr aylarında BTC Co şirkətinin (Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi və istismarı üzrə operatoru) BTC layihəsi üzrə əsaslı xərcləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,9 dəfə - $38,7 mln.-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BTC Co şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“2012-ci il üçün BTC layihəsi üzrə əsaslı xərclər $61,7 mln. həcmində ilkin proqnoza qarşı $73 mln. səviyyəsində proqnozlaşdırılır”, - deyə şirkətin nümayəndəsi qeyd edib.
2012-ci ilin 9 ayı ərzində BTC neft kəməri ilə 25,5 mln. ton neft nəql olunub, Ceyhan limanından isə 245 tanker yola salınıb.
BTC neft kəmərinin istismara verildiyi vaxtdan - 2006-cı il iyunun 4-dən indiyədək (2012-ci il noyabrın 25-nə qədər – İF) Ceyhan limanından 2031 tanker yola salınıb, yəni BTC ilə dünya bazarlarına 209,5 mln. tondan çox neft daşınıb.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql olunur. Bundan başqa, 2010-cu ilin iyun ayından başlayaraq, BTC kəməri ilə Türkmənistan neftinin nəqli həyata keçirilir.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1077 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 mln. barel neft təşkil edir.
Layihənin iştirakçıları BP (30.1%); ARDNŞ (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%), “Total” (5.00%) və “Amerada Hess” (2.36%) şirkətləridir.