Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında əməkdaşlığın möhkəmlənməsi regionda sabitliyin güclənməsinə imkan yaradır. Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək bəyan edib.
“Ölkələrimizin yaxınlaşması, tərəfdaşlıq regionda sülh və sabitliyə, həmçinin iqtisadi əlaqələrin inkişafına xidmət edə bilər”- deyə o çərşənbə axşamı Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasında qeyd edib.
Spiker vurğulayıb ki, dinlərarası və mədəniyyətlərarası əlaqələrin inkişafı təşkilata üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə əlavə təkan verəcək.
Onun sözlərinə görə, dövlətlərarası münasibətlərin dərinləşməsi və ticarət dövriyyəsinin artması müxtəlif iqtisadi layihələrin reallaşdırılmasına imkan yaradır. Eyni zamanda, C.Çiçək qeyd edib ki, QDİƏT ilk növbədə vacib sülhməramlı layihədir.