Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tsvirkun təşkilat çərçivəsində bir sıra transmilli iqtisadi layihələrin həyata keçirilməsinin vacib olduğunu hesab edir.
“Bunun üçün ilk növbədə, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini reallaşdırmaq lazımdır. Bu layihənin həyata keçirilməsi dövlətlərimiz arasında ticarət dövriyyəsinin artmasına imkan yarada bilər”, - deyə o çərşənbə axşamı Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin plenar iclasındakı çıxışında vurğulayıb.
Onun sözlərinə görə, təşkilatın səmərəliliyin artması üçün 17 prioritet istiqamət mövcuddur. O cümlədən, QDİƏT-in kommunikasiya strategiyası hazırlanır.
QDİƏT-in İstanbul Sammitində qəbul edilən yekun sənəd barədə danışaraq V.Tsvirkun qeyd edib ki, onu imzalayan üzv dövlətləri QDİƏT üzv ölkələri rəhbərləri qarşılıqlı inteqrasiyasına imkan yaradan öhdəliklər götürüblər.
“Həmin sənəddə ticarət dövriyyəsinin artırılmasının vacibliyi, davamlı iqtisadi inkişaf strategiyasının hazırlanması, enerji, nəqliyyat və ekoloji layihələrin reallaşdırılması, təhsil və gənclər sahələrinə investisiya yatırmaq, həmçinin müxtəlif regional və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı barədə bəndlər əks olunub”, - deyə QDİƏT-in baş katibi bildirib.
Bununla yanaşı, o əlavə edib ki, Türkiyə təşkilatın səmərəliliyinin inkişafı haqqında fəaliyyət planı hazırlayır.