ABŞ Dövlət Departamenti Suriya məsələsi ilə bağlı Rusiyanın mövqeyində hər hansı dəyişikliklər görməyib. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.
Çərşənbə axşamı keçirilən brifinqdə V.Nuland jurnalistlərin müvafiq sualına mənfi cavab verərək qeyd edib ki, o, Rusiyanın mövqeyi ilə bağlı yeni heç nə deyə bilmir, “amma ən yaxşısı Rusiyadan soruşmaqdır".
Diplomat, Amerika və Rusiya diplomatlarının Suriya prezidenti Bəşər Əsədin istefa verəcəyi halda Suriyanın gələcəyi ilə bağlı məsələləri müzakirə etməsi barədə məlumatların həqiqətə uyğun olub-olmaması haqda suala da cavab verməkdən imtina edib.
"Məndə belə konkret görüşlərlə bağlı heç bir məlumat yoxdur. Düzünü desəm, mən hətta bu haqda KİV-in də məlumatlarını görməmişəm", - deyə V.Nuland bildirib.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ və Rusiya daim "Suriya ilə bağlı müzakirələr aparır".
Dövlət Departamentinin nümayəndəsi deyib ki, Vaşinqton öz tərəfdaşları və Suriya müxalifəti ilə bu ölkənin gələcəyinə dair məsələləri fəal şəkildə müzakirə edir.
"Biz rusiyalılara dedik ki, onların belə müzakirədə iştirakını alqışlayırıq, amma bu, Əsədin gedişinin gözlənilməsinə əsaslanıb", - V.Nuland əlavə edib.