Avropa Birliyi Azərbaycanla münasibətlərdə bir sıra məsələlərə dair irəliləyiş müşahidə edir. Bu barədə Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ilə görüş zamanı bəyan edib.
AB-nin Bakıdakı nümayəndəliyinin mətbuat xidməti məlumat verib ki, Brüsseldə keçirilən görüşdə tərəflər “ikitərəfli və regional məsələlərin geniş spektrini açıq və səmimi şəkildə müzakirə ediblər” və gələcəkdə də münasibətləri möhkəmləndirmək haqqında qərara gəliblər.
“Münasibətlərimizin intensivləşdirilməsi müşahidə edilir: viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqlarda və readmissiyada irəliləyiş var. Energetika sahəsində strateji tərəfdaşlığımız inkişaf edir. Biz bu yaxınlarda ratifikasiya edilən Cənub dəhlizinin reallaşmasında əsas olan Trans-Anadolu boru kəmərinin tikintisi və istismarını nəzərdə tutan 2 razılaşmanı müsbət qarşılayırıq”, - deyə Ş.Füle görüşdə bəyan edib.
O bildirib ki, eyni zamanda, Azərbaycanın Şərq Tərəfdaşlığında aktiv cəlb edilməsilə bizim əlaqələrimizin bundan da artıq inkişafı üçün böyük potensial var. Yeni Assosiasiya Razılaşması istiqamətində davam edən danışıqlar bizim qarşılıqlı münasibətlərimizi daha yüksək səviyyəyə gətirmək istiqamətində birgə səylərin ən bariz nümunəsidir.
Bununla yanaşı, Avropa Birliyinin komissarı Azərbaycanı seçki qanunvericiliyi, azad toplaşmaq və mətbuat azadlığının təkmilləşdirilməsi üzrə əlavə səylər həyata keçirtməyə çağırıb.
Bundan başqa, görüşdə tərəflər Qarabağ müçaqişəsinin nizamlanmasını müzakirə ediblər. Ş.Fülenin sözlərinə görə, AB bütünlüklə ATƏT-in Minsk Qrupunun sülhə əsaslanan Madrid prinsiplərinin qəbul edilməsi istiqamətində hər iki tərəflə müzakirələri davam etdirməsi cəhdlərini dəstəkləyir.
Ş.Füle həmçinin Avropa Birliyinə Azərbaycandan yeni səfirin təyin edilməsini müsbət qarşıladığını və onun əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib.