Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) Gürcüstan nümayəndə heyətinin rəhbəri David Saqamanidze Gürcüstan-Rusiya münasibətlərinin tezliklə normallaşacağına əmindir.
"Bu yaxınlarda keçirilmiş seçkilərdən sonra vəziyyət (Gürcüstanda – İF-Az) dəyişib. Əminəm ki, siyasi və iqtisadi sahələrdə münasibətlərimiz bərpa olunacaq", - deyə o, çərşənbə günü Bakıda QDİƏT PA-nın 40-cı plenar sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
D.Saqamanidze xatırladıb ki, vaxtilə gürcü və rus xalqları bir ailə kimi yaşayırdı. "Bu gün siyasi elitalar arasında fikir ayrılıqları var, amma xalqlarımız arasında heç bir problem yoxdur. Əminəm ki, yaxın vaxtlarda bizim münasibətlərimiz qaydaya salınacaq", - deyə o söyləyib.
Gürcüstan parlamentinin üzvü Rusiya nümayəndə heyətini QDİƏT PA-nın 2013-cü ilin noyabr ayında Tiflisdə keçiriləcək və növbəti 20 ildə regional inkişafın perspektivlərinə həsr olunacaq sessiyasında iştirak etməyə dəvət edib.