İtaliyanın “CMC” şirkəti Azərbaycanda bir sıra infrastruktur layihələrinin reallaşdırılmasında iştirak etmək niyyətindədir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında qeyd edilir.
“CMC” Azərbaycan şirkətləri ilə nəqliyyat infrastrukturu (şose, dəmir yolları, tunel, körpü və s.), energetika layihələri (SES-lər), su təsərrüfatı obyektləri (dambalar, tunellər, çirkab suların təmizlənməsi üzrə sistemlər), sahil mühafizəsi və liman işləri kimi tikinti infrastrukturu layihələrinin həyata keçirilməsində əməkdaşlıq etmək niyyətindədir.
“CMC” şirkəti 1901-ci ildə yaradılıb. Dünya bazarında 1975-ci ildən fəaliyyət göstərir. 2010-cu il ərzində şirkətin illik dövriyyəsi 800 mln. avro təşkil edib.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.