Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin başçısı Viktor İvanov bəyan edib ki, Rusiya və xarici tərəfdaşları qüvvələrini MDB miqyasında bir çox problemlərin mənbəyi kimi Əfqanıstanda narkotik istehsal edən ocaqların məhv edilməsinə yönəltməlidirlər.
“Biz səyləri birləşdirməyi təklif edirik, çünki NATO bu istehsalatı başlanğıcda məhv etmık üçün Əfqanıstandadır. Bunu səylərini metastazlara deyil, şişə yönəldən həkimlərin onkoloji xəstəliklə mübarizəsi ilə müqayisə etmək olar”, - deyə V.İvanov cümə axşamı MDB ölkələrinin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərində əməkdaşlığa dair konfransda bildirib.
O qeyd edib ki, Əfqanıstanda böyük miqyasda narkotiklərin istehsalı həm respublikanın özündə, həm də qadağan edilmiş maddələrin tranzit və satış ölkələrində sabitliyin pozulmasına gətirir.
NDNFX başçısı Cənubi Amerika ölkələrində yaranan vəziyyəti nümunə kimi qeyd edib. Orada narkotiklərin istehsalı, satışı və nəqli ətrafında qitə miqyaslı cinayətkar qruplaşmalar formalaşıb. Hökumət bu qruplaşmalara nəzarət edə bilmir.
“Şərq yarımkürəsində Kolumbiyanın rolunu Əfqanıstan həyata keçirir. Əslində, narkotiklərin istehsalı terrorçuluq və ekstremizmin əsasıdır. Terrorçuluq narkotikləri əmələ gətirmir, narkotiklər terrorçuluğu yaradır”, - deyə o bildirib.
V.İvanov əlavə edib ki, bir problemin həlli digər problemi əhəmiyyətli dərəcədə həllinə kömək edəcək. Bunun üçün MDB-nin bütün ölkələri ilə tərəfdaşlığ yaratmaq lazımdır.