Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndələri cümə axşamı keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələri və onların ətrafının radionuklid tərkibli kömürlərdən təmizlənməsi layihəsinin yekunlarını müzakirə ediblər.
“Birgə layihənin məqsədi keçmişdə şəhərin bu rayonlarında fəliyyət göstərən zavodun ərazisində yod tullantılarının ortadan qaldırılmasıdır”, - deyə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib.
Onun sözlərinə görə, ötən əsrin 30-90-cı illərində fəaliyyət göstərən Bakı Yod Zavodunun ərazisinin texnoqen çirklənməsi Abşeron yarımadasının əsas ekoloji problemlərindən biri olub.
“Zavodun Ramanı və Suraxanıda yerləşən istehsalat sahələri eyni adlı qəsəbələrin yaxınlığında yerləşib, bu isə yerli sakinlərin səhhətinə ciddi təhlükə olub”, - deyə F.Tağızadə əlavə edib. O qeyd edib ki, çirklənmiş ərazisi olan analoji nəzarətsiz buraxılmış zavod respublikanın Neftçala rayonunda yerləşir. Hazırda orada çirklənən torpaqların təmizlənməsinə hazırlıq işləri aparılır. Neftçala rayonunun öz xüsusiyyətləri var. Onlar MAQATE və AMEA Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən öyrənilməlidir. Layihə işləri başa çatdıqdan sonra bu ərazinin də təmizlənməsinə baçlayacağıq. Cari ilin sonuna kimi həmin işlərə başlamağı planlaşdırırıq”, - deyə nazir müavini qeyd edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) texniki əməkdaşlıq üzrə layihə rəhbəri Andrey Çupov öz növbəsində qeyd edib ki, Bakı Yod Zavodunun istehsalat sahələri və onların ətrafının radionuklid tərkibli kömürlərdən, neft, neft məhsulları və digər tullantılardan təmizlənməsi layihəsi Azərbaycan hökumətinin xahişi ilə həyata keçirilib. O birgə işlərin yekunkarından məmnun olduğunu bildirib və qeyd dib ki, bütün təfərrüatları MAQATE nümayəndələri hesabatlarında əks edəcəklər.
Bakı Yod Zavodunun istehsalat sahəsi 32,5 hektardır. Bunun 28,2 hektarı Suraxanı istehsalat sahəsinin payına düşür. Ramanıda 3 yerüstü və 1 yeraltı kömür anbarı aşkar edilib. Zərərsizləşdirmək və gizlədilməsi tələb olunan radioaktiv çirklənmənin ümumi həcmi ilkin hesablamalara görə 48 min kubmetr təşkil edib. Suraxanıda isə radioaktiv çirklənmənin ümumi həcmi 160 min kubmetr təşkil edib.
Müəssisələrin ərazisi həmçinin neft və neft məhsulları tullantıları ilə çirklənib. Çirklənmiş ərazilərin təmizlənməsi işləri uğurla başa çatdıqdan sonra həmin ərazidə torpağın təkrar kultivasiyası üzrə işlər aparılır. Keçmiş Bakı Yod Zavodunun ərazisində yaşıllaşdırma işlərinin aparılması, park salınacağı panlaşdırılır.