“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi cümə axşamı Mİlli Məclisin Sosial Siyasət Komitəsinin müzakirəsinə çıxarılıb. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Komitənin sədri Hadı Rəcəbli sənədin əhalinin genetik sağlamlığı nöqteyi- nəzərindən böyük əhəmiyyət daşıdığını söyləyib.
“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində azad reproduktiv seçim etmək hüququ, reproduktiv toxunulmazlıq, bu sahədə xidmətlərdən istifadə, analıq və analığın qorunması, reproduktiv sağlamlıq sahəsində informasiya almaq və gizliliyin qorunması,sonsuzluğun müalicəsi, köməkşi reproduktiv texnologiyalardan istifadəyə icazə verilməsi, reproduktiv hüceyrələrin donor istifadəsinə icazə verilməsi nəzərdə tutulur.
“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin12-ci maddəsi reprodiktiv hüceyrələrin donorlarının və onların xidmətlərindən istifadə edən şəxslərin öhdəliklərini müəyyən edir.
Bu maddədə qeyd edilir ki “evli cütlər istisna edilməklə ,35 yaşadək somatik və psixoloji xəstəlikləri olmayan, müvafiq tibbi və genetik müayinədən keçmiş qadın və kişilər donor ola bilərlər.
Ekstrokorporal Mayalanma (EKM) xidmətlərindən istifadə edən potensial valideyn həkimdən donorun xarici görünüşü, milliyəti, təhsili, peşəsi, xarici görünüşü barədə məlumat almaq hüququna malikdir.
Rəsmi nikaha daxil olmuş şəxslər yalnız həyat yoldaşının yazılı icazəsi ilə EKM donoru ola bilər.
Bir nəfər beşdən artıq ailəyə donorluq edə bilməz və donorluq müvafiq dövlət icra orqanlarının buna nəzarəti məqsədi ilə yalnız dövlət tibb müəssisələrində həyata keçirilə bilər.
Qanuyn layihəsinin 13-cü maddəsində deyilir ki, ər və arvadın ikisindən birinin və ya hər ikisinin sonsuzluğu səbəbi ilə10 ildən artıq evli olan və ovladı olmayan sosial dəstəyə möhtac ailələr dövlət tibb müəssisələrində EKM xidmətindən pulsuz istifadə edə bilərlər.
Qanun insan embrionunun kommersiya, hərbi və sənaye məqsədi ilə istifadəsini qadağan edir.