SOCAR-ın Heydər Əliyev adına Bakı neft emalı zavodunda 21 nömrəli ED-AVQ-6 ilkin emal qurğusunun sobalarında təmir işlərinə başlanılıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“70-ci illərin istehsalı olan sobaların forsunkaları (odpüskürənlər) ötən müddət ərzində öz effektivliyini itirdiyindən yanma prosesi yaxşı getmirdi və bu səbəbdən forsunkaların dəyişdirilməsinə zərurət yaranmışdı. Problemin həlli üçün 96 ədəd yeni forsunka alınıb, sobalarda quraşdırılmağa başlanıb”, - deyə məlumatda bildirilir.
Aparılan təmir işləri zamanı, həmçinin sobaların giriş-çıxış xətləri dəyişdirilir, yoxlama zamanı sobaların içərisində aşkar edilən digər qüsurlar da aradan qaldırılır.
"Forsunkaların təzələnməsi sobalarda yanmanı yaxşılaşdırmaqla bərabər, texnoloji rejimin sabit saxlanılmasına və qurğudan havaya atılan zərərli qazların miqdarının minimuma endirilməsinə imkan verəcək", - deyə məlumatda qeyd edilir.