Bu gün Azərbaycanda 400 min nəfər sonsuzluqdan əziyyət çəkir. Bu barədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutunun direktoru Faizə Əliyeva Milli Məclisin Sosial siyasət komitəsinin “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi həsr olunan iclasda məlumat verib.
“Onların yarısından çoxu kişilərdir, bu isə bütün dünya üzrə orta göstəricilərdən çoxdur”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda hər il təxminən 1 min qadın EKM (ekstrakorporal mayalanma) üçün tibb müəssisələrinə müraciət edirlər.
“Baxmayaraq ki, Azərbaycanda EKM 2004-cü ildən etibarən tətbiq edilir, ölkədə bu sahədə böyük uğurlar əldə olunub. Əgər Avropada EKM xidmətlərinə görə müraciət edildikdə müsbət nəticə 32% təşkil edirsə, o zaman Azərbaycanda bu göstərici 45%-ə bərabərdir”, - deyə F.Əliyeva vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda sonsuzluq probleminin həlli üçün 32 min donor tələb olunur.
Səhiyyə Nazirliyinin şöbə müdiri Gülmirzə Poladov öz növbəsində özəl klinikalarda hamiləliyin süni yolla pozulması əməliyyatlarına qarşı çıxış edib. Onun sözlərinə görə, gələn 5-10 il ərzində bu problem öz həllini tapmalıdır.
“Özəl klinikalarda hamiləliyin süni yolla pozulması əməliyyatları zamanı tez-tez problemlər yaranır. Bir qayda olaraq, belə hallarda heç kim məsuliyyət daşımır. Bu səbəbdən hamiləliyin süni yolla pozulması praktikasının yalnız dövlət tibb müəssisələrində həyata keçirilməsinə nail olmalıyıq”, - deyə G.Poladov qeyd edib.