Azərbaycan Əfqanıstanla əməkdaşlığın genişləndirilməsini zəruri sayır. Bu barədə Prezident İlham Əliyev cümə axşamı Əfqanıstan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş Mohammad Şaker Karqarın etimadnaməsini qəbul edərkən bəyan edib.
Rəsmi KİV-in məlumatına görə, Əfqanıstan Prezidenti Həmid Kərzainin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakına toxunan İ.Əliyev bu səfərin ikitərəfli münasibətlərimin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
Dövlət başçısı Azərbaycanın Əfqanıstanı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə bundan sonra da dəstəkləyəcəyini qeyd edib.
Səfir Mohammad Şaker Karqar Əfqanıstanın Azərbaycanın mövqeyini bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə daim dəstəklədiyini vurğulayıb.