Xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi altında Madridə səfər zamanı Azərbaycan və İspaniya arasında mədəniyyət, təhsil, elm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
XİN-in mətbuat xidmətinin məlumatına görə, X.Xələfov imzalanan sənədin ikitərəfli münasibətlərin müvafiq sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəyinə əmin olduğunu ifadə edib.
Səfər çərçivəsində həmçinin İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyində xarici məsələlər üzrə dövlət katibi Qonsalo de Benito Sekades ilə siyasi məsləhətləşmələr aparılıb. Görüş zamanı gələn il qarşılıqlı səfər imkanı vı perspektiv sazişlər layihələri müzakirə edilib. Mədəniyyət, təhsil, elm, idman sahələrində münasibətlərin intensivləşməsinin vacibliyi qeyd olunub.
X.Xələfov İspaniya Senatında xarici əlaqələr üzrə komissiyanın sədri Alexandro Munyoz-Alonso Ledo ilə görüşüb. Görüşdə parlamentlərarası münasibətlərin inkişafını sadəcə, ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişafını müzakirə ediblər. O cümlədən, İspaniyanın Azərbaycanda səfriliyinin açılmasının vacibliyi qeyd edilib.
Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsi barədə İspaniya tərəfinə məlumat verib. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sülhə və təhlükəsizliyə təhdiddir.
XİN-in məlumatına görə, İspaniya tərəfi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.