Azərbaycanın Ağdaş rayonunun inzibati ərazisini 2 dəfədən artıq artırmaq planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Cümə günü Milli Məclisin Regional məsələlər komitəsinin iclasnda “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.
“Ağdaş rayonunda yerləşən Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddin, Qaradağlı kəndlərinin bir hissəsi və Məşəd kəndi bütövlüklə Ağdaş şəhərinə birləşdirilərək şəhərin ərazisi 1237 ha artaraq 2307 ha təşkil edəcək”, - deyə komitə sədri Arif Rəhimzadə bildirib.
Komitənin iclasında həmçinin Astara rayonu ərazisində yerləşən Ərçivan kəndinə qəsəbə statusu verilməsi barədə qanun layihəsi müzakirə olunub. Hər iki məsələ parlamentin plenar iclasına tövsiyə olunub.