Azərbaycanda “quş qripi” ilə bağlı noyabrın 19-da aparılmış monitorinqin nəticələri açıqlanıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında deyilir .
22 baş çöl quşunun patoloji materialları və 1175 baş ev quşunun qan nümunələri götürülüb. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə aparılıb.
Bu nəzarət tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.
Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunub.
Növbəti monitorinq dekabrın 17-də keçiriləcək.