“Kapital Bank” 2013-cü ilin əvvəlində pensiyaçılara xidmətin yaxşılaşdırılması üçün 30 yeni bankomat quraşdırmağı planlaşdırır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov cümə günü parlamentdə bəyan edib.
“Mən həm “Kapital Bank”, həm də Azərbaycan Beynəlxalq Bankın (əhaliyə pensiyaların verilməsi üzrə DSMF-nin agent bankları – İF-Az) rəhbərlikləri ilə görüşdüm. Bankomatların istifadəsi ilə pensiyaçılara xidmət məsələsinə dair parlamentin deputatlarının bildirdikləri bütün problemləri onların nəzərinə çatdırdım”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bir sıra rayonlarında pensiyaçılara xidmət üçün əlavə bankomatların quraşdırılması ilə bağlı bəzi problemlər həmin banklar tərəfindən operativ şəkildə həll edilib.
“Bundan başqa, “Kapital Bank”ın rəhbərliyi mənə məlumat verib ki, gələn ilin əvvəlində respublikaya 30 yeni bankomat gətiriləcək”, - deyə o qeyd edib.
S.Müslümov əlavə edib ki, ABB yaxın zamanda daha iki səyyar bankomatın istifadəsinə başlamağı panlaşdırır. Həmçinin Tovuz rayonunda stasionar bankomat quraşdırmaq qərara alınıb.
"Kapital bank" 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Pasha Holding” (99,8%) və fiziki şəxslərdir (0,2%). Hazırda bank 440-dan artıq bankomatdan ibarət şəbəkəyə malikdir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir. Hazırda ABB 655 bankomatdan ibarət şəbəkəyə malikdir.