Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı iqtisadi məsələlər üzrə ikitərəfli hökumətlərarası komissiyanın həmsədri, Federal İqtisadiyyat Departamentinin İdarə rəhbəri Erik Martin ilə iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Martin İsveçrə tərəfinin iki ölkə arasında enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahəsində mövcud olan böyük potensialdan istifadə etməkdə maraqlı olduğunu bildirib. O, İsveçrə şirkətlərinin respublikada fəaliyyəti üçün şəraitin yaradılmasına görə Azərbaycana təşəkkür edib və SOCAR-ın İsveçrədə fəaliyyətini müsbət qiymətləndirib.
Görüşdə tərəflər qarşılıqlı səfərlərin və biznes forumların təşkili barədə razılığa gəliblər, Hökumətlərarası Komissiyanın bir il əvvəl Bakıda keçirilmiş sonuncu iclasının gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.