Qadınlara qarşı məişət zorakılığı problemi yalnız Azərbaycanda deyil, onun hüdudlarından çox uzaqlarda da mövcuddur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə söyləyib.
“Biz bu barədə nə qədər çox danışsaq da, problem yenə də mövcuddur və onun həll yolunu tapmaq lazımdır”,- deyə H.Hüseynova “Qadına qarşı zorakılığa “Yox” deyək” layihəsinin həyata keçirilməsinin yekununa həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, belə hadisələrin baş verməsinə səbəb erkən yaşda nikaha daxil olma, vətəndaşların öz hüquqlarını bilməməsi, həmçinin müsəlman cəmiyyətində qadının rolu barədə yanlış stereotiplərdir.
“Əsrlər boyu Azərbaycanda qadına böyük hörmətlə yanaşlıb.Cəmiyyət bu ənənəni bundan sonra da davam etdirməlidir”,- deyə komitə sədri vurğulayıb.
H. Hüseynova dövlət strukturlarını və beynəlxalq təşkilatları bu məsələnin həllində aktiv iştirak etməyə çağırıb.
“Bu gün güclü qanunverici baza olmasına baxmayar, real həyatda qanunlara əməl edilmir”,-deyə o qeyd edib.
BMT-nin Bakı nümayəndəliyinin rezident –koordinatoru Antonius Broek qeyd edib ki, BMT və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınlara qarşı məişət zorakılığı problemi ilə mübarizədə əməkdaşlıq edirlər.O deyib ki,dövlət Komitəsi beynəlxalq, dövlət və özəl təşkilatları qadına qarşı məişət zorakılığı ilə mübarizəyə çağıraraq BTN-nin müvafiq proqramlarını uğurla həyata keçirir.