Ermənistan rəhbərliyi Cənubi Qafqazda çox təhlükəli oyun oyayır. Onlar Başqalarının əlində “peşka” olmaqdansa xalqın gələcəyini düşünməlidirlər. Bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan edib.
“Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilib. Ermənistan rəhbərləri çox təhlükəli oyunun “peşka”sına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər”, - deyə R.Mehdiyev bazar ertəsi Bakıda keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən erməni tərəfinin hərbi təcavüzü dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılıb. Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, vəziyyətin obyektiv dəyərləndirilməsi, Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Bu səbəbdən də bu öilənin rəhbərləri təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar.
“Əminəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcək”, - deyə o vurğulayıb.
R.Mehdiyev bəyan edib ki, sülh və inkişaf Azərbaycan dövlətinin strategiyasının əsasını təşkil edir. Bu səbəbdən ölkə gələcək illərdə də bu istiqamətdə irəliləyəcək.