NATO və Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri inkişaf edir. Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu belə hesab edir.
“Son illər ərzində NATO Azərbaycanda bir neçə, həmçinin ətraf mühitin mühafizəsinə dair bir neçə layihə həyata keçirib”, - deyə diplomat çərşənbə axşamı Bakıda keçirilən “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi” mövzusunda treninqdə qeyd edib.
Onun sözlərinə görə, NATO və Azərbaycan arasında ətraf mühit sahəsində əməkdaşlığın əsas istiqamətləri Melanjın (raket yanacağının – İF-Az) və “Salahlı” döyüş sursatı anbarının ləğv edilməsinə dair başa çatan layihələrdir. Hazırda isə NATO ANAMA ilə birlikdə “Ceyrançöl”-ün minalardan təmizlənməsinə start verib.
“Sovet İttifaqı dağılandan sonra həmin ərazilərdə zərərsizləşdirlməmiş mina və silahlar olduğundan, burada ekoloji təmizlik aparmaq çox vacibdir”, - deyə D.Çiobanu vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, NATO Azərbaycan üçün vacib təşkilatdır. Onun sözlərinə görə, ətraf mühitin müdafiəsi insanların təhlükəsizliyi ilə birbaşa bağlıdır.
“Hər bir təşkilat insan varlığı haqqında düşünür. Yalnız onlardan bəziləri həyat və ölümün nə olduğunu dərk ediblər. NATO bu iki anlayışa çox böyük önəm verir”, - deyə S.Seyidov qeyd edib.
O həmçinin vurğulayıb ki, ümumbəşəri məsələləri qaldıraraq NATO münaqişə, müharibəni nə olduğunu bilir, insanlar çətin vəziyyətə düşəndə nə olur.
Azərbaycan prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru Urxan Ələkbərov öz növbəsində bildirib ki, ətraf mühit geniş aspektdir.
“Ətraf mühit barədə danışanda biz ekologiyanı nəzərdə tuturuq. Eyni zamanda təbii, iqtisadi, sosioloji və onları idarə edən siyasi komponentləri nəzərə almaq lazımdır, - deyə o vurğulayıb.