2012-ci il iyunun 1-dən dekabrın 1-nə qədər SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə ümumilikdə 480 mln. 445,853 min manat məbləğində birdəfəlik ödəmələr verilib. Bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Araz Əliyev çərşənbə axşamı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 2012-ci il dekabrın 1-nə olan vəziyyətət görə, banka 1 mln. 328,943 min müraciət daxil olub, bunlardan 1 mln. 220,253 min müraciət ödəniş üçün təsdiq edilib.
“Əmanətçilərə ödənilən kompensasiyaların həcmi 480 mln. 445,853 min manat təşkil edib”, - deyə A.Əliyev bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin mart ayında 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə əmanətləri olan əmanətçilərə veriləcək.
Birdəfəlik ödəmə əmanət qalığının məbləğindən asılı olaraq aşağıdakı qaydada hesablanacaq: əmanət 2 min rubla qədər olduqda (0,04 manat) əmanət qalığının hər bir qəpiyi üçün 75 manat, 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1 min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat veriləcək.
Vəsaitlərin verilməsi prosesi 19 ay ərzində həyata keçiriləcək. Vətəndaşların ərizələri 2012-ci il dekabrın 31-dən qəbul edilir, vəsaitlərin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər başa çatacaq.
İnventarizasiya zamanı SSRİ Əmanət Bankında 2,4 mln. hesabın olduğu müəyyən edilib. Əmanətlərin qaytarılması üçün 1 mlrd. manata yaxın vəsait lazım olacaq.
Ərizələrin qəbulunun və vəsaitlərin verilməsinin təşkili üçün “Kapital Bank”ın 65-i Bakıda, qalanları isə regionlarda olmaqla 143 məntəqəsi yaradılıb və əlavə 350 nəfər cəlb edilib.
“Kapital Bank” 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Paşa Holding” (99,76%) və fiziki şəxslərdir.