Dekabrın 7-də Azərbaycanda Sığorta Agentlərinin I Milli Forumu keçiriləcək. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında qeyd edilir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra sığorta agentlərinin xidmətlərinə tələbat xeyli artıb. Hazırda Maliyyə Nazirliyi tərəfindən sığorta agenti fəaliyyətinə lisenziya verilmiş şəxslərin sayı 400 nəfərdən artıq təşkil edir
Sığorta agentlərinin fəaliyyətində son zamanlar müşahidə olunan problemli məsələlərin və onların aradan qaldırılması yollarının, həmçinin sığorta agentlərinin fəaliyyətinin tənzimlənməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən dekabrın 7-də Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə Sığorta Agentlərinin I Milli Forumu keçiriləcək.
“İcbari sığortalar haqqında” qanun icbari sığortanın 4 növünə şamil edilir. Bu, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası və sərnişinlərin icbari sığortasıdır.