Naxçıvan Muxtar Respublikasında Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi qeyd edilib.
“Naxçıvan torpağı müxtəlif dövrlərdə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının, eləcə də ictimai fikrin inkişafına mühüm təsir göstərmiş qüdrətli sənətkarlar yetişdirmişdir. Onlardan biri də Məmməd Səid Ordubadidir”, - deyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yubiley tədbirində çıxışında qeyd edib.
Onun sözlərinə görə, Ordubadda anadan olan Məmməd Səid dörd sinifli şəhər məktəbini bitirdikdən sonra 14 yaşından fabrik və zavodlarda işləyib. Zəhmətkeş yazıçı 50 illik yaradıcılığı dövründə 6 mindən çox əsər yaradıb.
Ali Məclisinin sədri qeyd edib ki, M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, tarixi pyeslərin müəllifi, vətənpərvər şair, 25 ilə yaxın bir müddətdə “Molla Nəsrəddin” ədəbi məktəbinə məxsus ənənəni davam etdirən satira ustası, tərcüməçi, publisist, bu gün də aktuallığını itirməyən çoxsaylı ədəbi-tənqidi məqalələr müəllifi, roman janrının nəzəri estetik prinsiplərini Azərbaycan ədəbiyyatşünaslığına gətirən tədqiqatçı və ustad yazıçı olub. V.Talıbovun sözlərinə görə, M.S.Ordubadi əlinə qələm aldığı ilk gündən özünün də dediyi kimi, “vətənçi” mövqedə dayanıb, xalqı qəflətdən oyatmaq üçün mühitə maarif işığı salmağa çalışıb.
“Ordubadinin tarixi əsərlərinə diqqət yetirsək, aydın görmək mümkündür ki, onlar keçmiş tarixə yox, müasir həyatın problemlərinə istiqamətlənib”, - deyə o bildirib.
“M.S.Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir”, - deyə V.Talıbov bildirib. O qeyd edib ki, M.S.Ordubadinin adı öz vətənində əbədiləşdirilib, doğulduğu Ordubad şəhərində ev-muzeyi yaradılıb. Mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublika Kitabxanasına Məmməd Səid Ordubadinin adı verilib və abidəsi ucaldılıb.
Həmin gün Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında yeni yaradılan Elektron kitabxana, həmçinin kitabxananın 90 illik yubileyi ilə əlaqədar olaraq hazırlanan “www.e-kitab.nakhchivan.az” internet saytının təqdimatında iştirak edib. Muxtar respublikada yeganə elmi-metodik mərkəz olan bu kitabxananın fondunda 140 minə yaxın kitab var.