İsrail Suriyada kimyəvi silah ilə bağlı vəziyyəti diqqətlə izləyir. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
“Dünya birliyi ilə birgə kimyəvi silaha aid sahədə vəziyyətin inkişafını diqqətlə izləyirik”, - deyə çərşənbə axşamı nazirin administrasiyasının yaydığı bəyanatda bildirilir.
Əvvəl ABŞ prezidenti Barak Obama Suriya hökuməti tərəfindən müxalifətin hərbi qruplaşmalarına qarşı kimyəvi silahdan istifadə etməyin yolverilməz olduğu barədə xəbərdarlıq edib. O bəyan edib ki, bu addım ciddi nəticələrə səbəb olacaq.
Bununla əlaqədar B.Netanyahu bildirib: “Mən prezident B.Obamanın bu məsələyə dair vacib bəyanatını eşitdim. Biz bu fikri bölüşürük. Ümid edirik ki, bu silah istifadə edilməyəcək və terrorçu elementlərin əlinə keçməyəcək”.
Çərşənbə axşamı Aİ ölkələri Suriya hökumətinin müxalifətə qarşı kimyəvi silahdan istifadə edəcəyi halında bu ölkəyə dair təxirəsalınmaz tədbirlər təhdidi ilə çıxış ediblər.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov Brüsseldə keçirilən Rusiya-NATO Şurasının iclasından sonra bəyan edib ki, Rusiya Suriyada kimyəvi silahdan istifadənin yolverilməz olduğunu hesab edir.
“Kütləvi qırğın silahına aid olan kimyəvi silahın yerini dəyişməsi, istifadəsi, xüsusilə də tətbiq edilməsi problemi çox ciddidir. Müvafiq beynəlxalq müqavilələrin hər hansı formada pozulması bizim üçün qətiyyən yolverilməzdir”, - deyə S.Lavrov bildirib.
O vurğulayıb ki, Rusiya Suriyadakı kimyəvi silahın yerini dəyişməsi barədə istənilən məlumatları təkrar yoxlayır və Qərb tərəfdaşları ilə informasiya mübadiləsi aparır.
“Belə şayiə, informasiya daxil olan kimi biz sərt demarşlara təşəbbüs edirik, həmin informasiyanı yoxlayırıq. Hər dəfə buna bənzər heç nə planlaşdırılmadığı barədə bizi inandırırlar”, - deyə Rusiya XİN başçısı qeyd edib.