Göyərtəsində Azərbaycanın nümayəndə heyəti olan reys partlayış təhlükəsi səbəbindən İstanbul aeroportunda saxlanılıb. Bu barədə Türkiyə mətbuatı məlumat verib.
Azərbaycanın nümayəndə heyəti həmin reyslə Moldovanın paytaxtı Kişinyova KİV məsələləri ilə bağlı keçiriləcək konfransa yollanırdı. Nümayəndə heyətinə Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Avropa Birliyi və Avropa Şurası mətbuat üzrə birgə layihəsinin regional koordinatoru Şahin Abbasov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, həmçinin Media Hüququ İnstitutunun direktoru Xalid Ağaəliyev daxil olub.
“Anadolu” agentliyinin məlumatına əsasən, təyyarə dərhal polis, yanğınsöndürən, təcili yardım və partladıcı qurğu üzrə mütəxəssislər tərəfindən mühasirəyə alınıb. Həmin zaman onlara bir şəxs yaxınlaşıb və bəyan edib ki, bomba yerləşdirilməsi barədə məlumatla polisə müraciət edən ozüdür. O bildirib ki, bomba haqqında məlumat yanlış olub.
Bununla o guya, onu aldadan şəxsin reysini lənqitmək istəyib. Polis müəyyən edib ki, məlumatın daxil olduğu telefon nömrəsi həqiqətən onlara yaxınlaşan şəxsə məxsusdur.
İstanbul polisi asayişi pozan şəxsi həbs edib. Lakin, buna baxmayaraq İstanbul-Kişinyov reysinin sərnişinləri təxliyə ediliblər. Təyyarənin salonu və yük hissəsi tam yoxlanandan sonra uçuşa icazə verilib.
“Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsinin göyərtəsində 122 sərnişin olub.