Bakıda dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunan “Soft Computing” adlı II Beynəlxalq konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Dekabrın 3-5-də keçirilən konfransda Rusiya, ABŞ, Kanada, Türkiyəş. Ukrayna, Polşa, Fransa, İtaliya, İspaniya, Hindistan və s. ölkələrdən olan təxminən 70 alim iştirak edib.
Lütfi Zadə səhhəti ilə əlaqədar konfransda iştirak etməyib, lakin çıxışının əks olunduğu film göndərib.
Konfransı Toronto Universitetinin professoru Burhan Tütrksan (Kanada) giriş nitqi ilə açıb. O, Lütfi Zadənin dünya elminə verdiyi mühüm töhfə barədə əlumat verib. ABŞ-ın İntellektual Hesablama İnstitutunun direktoru, İona kollecinin professoru Ronald Yager, Polşa Elmlər Akademiyası Tədqiqat Sistemləri İnstitutunun professoru Yanuş Kasprşik və b. Lütfi Zadənin 1970-ci illərin ortalarında inqilabi ideyaları, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi barədə məlumat veriblər.
Konfransda 90-dan artıq məruzə səslənib.
Lütfi Zadənin 90 illiyinə həsr olunan “Soft Computing” üzrə I Beynəlxalq konfrans San-Fransiskoda keçirilib.
Konfransın təşkilatçıları RİTN, Şimali Amerika təşkilatı NAFIPS, BISC (“Soft Computing” Berklidə Təşəbbüslər Təşkilatı), “European Centre for Soft Computing” və “International Fuzzy Systems Association” təşkilatlarıdır.