2012-ci il üzrə qiymətləndirmələrə görə, dünyada təxminən 21 mln. nəfər cinsi istismar və məcburi əmək qurbanı var. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəyan edib.
"Statistikaya əsasən, dünyada 20 mln.-dan çox adam məcburi əmək istismarının qurbanıdır. Amma bu, aysberqin görünən hissəsidir. Bu məsələnin qaranlıq tərəfi mövcuddur", - deyə o, cümə axşamı Bakıda ATƏT-in Bakı ofisi tərəfindən təşkil olunan “İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.
"Bu hadisələrdən təxminən 2 mln.-u Cənubi və Şərqi Avropada, həmçinin MDB ölkələrində qeydə alınıb", - deyə səfir əlavə edib.
R.Morninqstar qeyd edib ki, cinsi köləlik trafikinqin ən asan aşkar edilən növüdür.
"Trafikinq qurbanlarının ən böyük hissəsi - 14 mln.-dan çox adam cinayətkarlar tərəfindən məcburi əməyə cəlb edilir. Bu, cinsi köləliyin qurbanlarının sayından 3 dəfə daha çoxdur", - deyə diplomat söyləyib.
O qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının qiymətləndirmələrinə görə, dünyada 52 mln.-dan 100 mln.-a qədər adam ev qulluqçusu kimi istifadə olunur, "lakin bu rəqəmlər dəqiq deyil və mövcud mənzərəni tam əks etdirmir".
Amerikalı diplomatın sözlərinə görə, ABŞ hökuməti insan alverinə qarşı mübarizəyə böyük diqqət ayırır.
"ABŞ insan alveri, onların cinsi və əmək istismarına qarşı mübarizəyə yönəlmiş səylərin effektivliyinin təmin olunması məqsədilə müəyyən addımlar atır. Bununla əlaqədar biz dünyanın 70-dən çox ölkəsinə $62 mln. məbləğində yardım göstəririk", - deyə o qeyd edib.