"Qarant Sığorta" şirkətinin İdarə Heyətində kadr dəyişiklikləri həyata keçirilib. Bu barədə şirkətin məlumatında qeyd edilir.
Natavan Əliyeva, Şəfəq Hətəmova və Əhəd Rəsulov dekabrın 3-dən İdarə Heyətinin yeni üzvləri təyin ediliblər.
Daha əvvəl Natavan Əliyeva şirkətin Zərərlərin Tənzimlənməsi Departamentinin müdiri, Şəfəq Hətəmova Maliyyə Departamentinin müdiri, Əhəd Rəsulov "Mərkəz" filialının müdiri olub.
"Bu əməkdaşlar artıq bir neçə ildir ki, “Qarant Sığorta” şirkətində işləyirlər. Bu illər ərzində onlar öz vəzifələrində nümunəvi və peşəkar işləri ilə seçiliblər. Bizim şirkətimiz hər zaman öz işçilərinə yüksək dəyər verir, onların karyera imkanlarını qiymətləndirir və bu imkanların həyata keçməsi üçün şərait yaradır. Bizim son müşahidələrimiz göstərir ki, adı çəkilən əməkdaşlar artıq İdarə Heyətində fəaliyyətlə öz təcrübəsini genişləndirə, şirkətin inkişafına töhfə verə bilərlər", - deyə məlumatda “Qarant Sığorta” ASC-nin İdarə Heyətinin sədri Fuad Allahverdiyevə istinadən bildirilir.
“Qarant Sığorta” ASC ZQAN Holding şirkətlər qrupuna daxildir. “Qarant Sığorta” fəaliyyət üçün lisenziyanı 2007-ci il noyabrın 29-da alıb. Şirkətin nizamnamə kapitalı 4 mln. manata bərabərdir.
2012-ci ilin yanvar-oktyabr aylarında şirkətin sığorta haqları yığımı 7 mln. 430,946 min manat, ödənişləri 1 mln. 228,244 min manat təşkil edib.