Gəncə Polşanın Belostok şəhəri ilə qardaşlaşa bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Belə açıqlama ilə Gəncəyə səfər edən Polşanın Azərbaycandakı səfiri Mixail Labenda çıxış edib.
“Belostok şəhərinin İcra Hakimiyyətinin başçısı məndən xahiş edib ki, Azərbaycanda qardaşlıq münasibətləri qurmaq üçün bir şəhər seçim. Mən də gördüm ki, Gəncə Belostoka çox bənzəyir”, – deyə diplomat qeyd edib.
Gəncə Dövlət Universitetinin pedaqoji heyəti və tələbələri qarşısında çıxış edən səfir bildirib ki, hər iki şəhər abidələri, tarixi, təhsili, iqtisadiyyatı və digər sahələri ilə bir-birinə bənzəyir.
M.Labenda Polşa universitetləri ilə Azərbaycanın ali təhsil ocaqları arasında qurulacaq sıx əməkdaşlığın hər iki ölkənin təhsilinə öz səmərəsini verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.