Sahibkarlığa Kömək Milli Fondu Yardımlı rayonunda biznes strukturların kreditləşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
Xüsusilə, SKMF Yardımlı rayonunda kiçik heyvandarlıq təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının, kiçik həcmli meyvə emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Yardımlı rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər. Həmçinin onlar fonda müraciət edib müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 43 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.