Rusiyanın XİN başçısı Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi arasında keçirilən Suriya ilə bağlı məsələ müzakirə edilən üçtərəfli görüş konkret nəticələrsiz başa çatıb.
“Biz heç bir sensasiyaya səbəb olan qərarlar qəbul etmədik”, - deyə L.Brahimi görüşdən sonra jurnalistlərə bəyan edib.
O qeyd edib ki, tərəflər “uçurumun kənarında duran Suriyanı saxlamaq üçün necə proses hazırlamaq” lazım olduğunu müzakirə ediblər.
Xüsusi nümayəndənin sözlərinə görə, eyni zamanda tərəflər ölkədə vəziyyətin “çox, çox, çox pis” olduğunu təsdiq ediblər.
Xəbər verildiyi kimi, Rusiya XİN başçısı S.Lavrov görüşlərin nəticələri üzrə jurnalistlərə bəyan edib ki, Rusiya və ABŞ ekspertləri yaxın zamanda L.Brahimi ilə danışıqlar keçirəcəklər.
Əvvəl H.Klinton bəyan edib: “Suriyada qırğının qarşısını almaq və siyasi keçidə başlamaq üçün biz Rusiya ilə gərgin iş aparmağa çalışırıq”.
“Yerində (Suriyada -İF) hadisələr sürətlənir və biz bunu müxtəlif yollarla görürük”, - deyə H.Klinton əlavə edib.
Üçtərəfli formatda görüş İrlandiyada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.