BMT-nin fələstinli qaçqınlara və işlərin təşkilinə kömək üçün Yaxın Şərq agentliyinin rəhbəri Filippo Qrandi bəyan edib ki, Suriyadakı fələstinli qaçqınlar hərbi əməliyyatlardan kənarda qalmalıdırlar. Bu barədə cümə günü "Əl-Ərəbiyyə" telekanalı xəbər verir.
"Fələstinlilər bitərəfliyi saxlamalıdır və hamı buna hörmət etməlidir. Heç kim onları (fələstinliləri - İF) böhrana cəlb etməməlidir", - deyə F.Qrandi bildirib.
"Onların əksəriyyəti vuruşmaq istəmir. Onlar bilirlər ki, hər şey daha pis olacaq. Hər gün Suriyada fələstinlilər həlak olurlar", - deyə o əlavə edib.
Hazırda Suriyada təxminən 520 min fələstinli qaçqın yaşayır, onlardan 400 min nəfər Dəməşqdə məskunlaşıb. Onların bir çoxu hökumət qoşunlarının tərəfində üsyançılara qarşı vuruşurlar.
Suriyada, həmçinin Suriya prezidenti Bəşər Əsədin müttəfiqi olan və İsraildə, eləcə də bir sıra qərb ölkələrində terror təşkilatı hesab edilən "Fələstin Xalq Azadlıq Cəbhəsi" qruplaşması fəaliyyət göstərir.