Azərbaycan hökuməti yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalına $7 mlrd.-dan artıq vəsait yönəltməyi planlaşdırır. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş zamanı bəyan edib.
“Hökumət 2020-ci ilə qədər ixracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalına $3,6 mlrd. yönəldəcək. Həmçinin, biz sektorun inkişafına birbaşa xarici investisiyalar və özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılmasını gözləyirik. Belə bir vaxtda Avropa Birliyi bizim üçün çox vacib tərəfdaşdır”, - deyə Ə.Abbasov qeyd edib.
Məlumatda qeyd edilir ki, nazir diplomatlara İKT sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə məlumat verib. Xüsusilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşdırılması məsələlərinə toxunulub.
“Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20% artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin dörd dəfə genişləndirilməsi nəzərdə tutulur”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün internetin hərtərəfli inkişafını təmin etmək lazımdır. “Biz genişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək üç ildə 85%-ə, minimum sürətini 10 meqabit saniyəyə çatdırmağı planlaşdırırıq”, - deyə Ə.Abbasov izah edib.
RİTN başçısı həmçinin vurğulayıb ki, İKT sektorunun inkişafı üçün münbit şəraitin yaradılması, rəqabət mühitinin yaxşılaşdırılması, monetar, pul-kredit, eləcə də vergi-gömrük siyasətinin yumşaldılması nəzərdə tutulur.
“Növbəti illərdə də Azərbaycan hökuməti “Elektron Hökumət” layihəsinə böyük diqqət yetirəcək. 2020-ci ildə Azərbaycanda təxminən əhalinin 80%-i elektron xidmətlərdən istifadə edəcəklər”, - deyə o bildirib.
“Belə görüşlər gələcək əməkdaşlıq üçün yeni perspektivlər açır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mövcudluğu da önəmlidir ki, Avropa İttifaqına üzv ölkələr Azərbaycanın gələcək perspektivləri, planları ilə tanış ola bilsin. İstəyirik ki, bu əməkdaşlıq davamlı olsun”, - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia qeyd edib.
Görüşdə həmçinin Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edib.