Azərbaycanda 2012-ci il dekabrın10-dan etibarən uçot dərəcəsi 5,25%-dən 5%-ə endirilir. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Bu qərar AMB-nin İdarə Heyəti tərəfindən qəbul edilib.
“Mərkəzi Bankın fəaliyyətində əsas prioritetlərdən biri qiymətlərin və maliyyə sabitliyinin qorunmasına yönələn tədbirlərin həyata keçirilməsidir. Bu mandat çərçivəsində AMB pul siyasəti və makroprudensial siyasət çərçivələrini təkmilləşdirir”, - deyə məlumatda qeyd olunur.
Mərkəzi Bankın məlumatına əsasən, 2012-ci ilin 10 ayı ərzində Azərbaycanın qeyri-neft sektorunda artım 10,4% təşkil edib.
Məlumatda bildirilir ki, hesabat dövründə ölkədə manatın məzənnəsinin sabitliyi qorunub, inflyasiya birrəqəmli səviyyədə qalıb.
“Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meylləri müşahidə olunub”, - deyə məlumatda qeyd edilir.
Bu tendensiyaları nəzərə alraq bank 2012-ci il dekabrın 10-dan etibarən uçot dərəcəsini 5,25%-dən 5%-ə endirməyi qərara alıb.
Xəbər verildiyi kimi, Azərbaycanda uçot dərəcəsi sonuncu dəfə 2011-ci ilin may ayında təkrar nəzərdən keçirilib. AMB İdarə Heyətinin qərarı ilə 2011-ci il mayın 6-dan uçot dərəcəsi 5%-dən 5,25-dək artırılıb.