Naxçıvanın Ordubad rayonunun Parağa kəndində yeni məktəb binası, kənd mərkəzi istifadəyə verilib. Yeni sosial obyektlərin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
“Bu gün ölkəmizdə bütün sahələr üzrə inkişaf və tərəqqi vardır. Təhsilin inkişafına isə xüsusi diqqət və qayğı göstərilir”, - deyə V.Talıbov Parağa kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi mərasimində qeyd edib.
“Parağa kənd tam orta məktəbi də müasir tədris şəraitinə və yüksək maddi-texniki bazaya malik olan təhsil ocaqlarından biridir. Məktəbdə dərslərin müasir metodlarla tədrisi üçün lazım olan bütün avadanlıq quraşdırılıb”, - deyə Ali Məclisinin sədri bildirib. O qeyd edib ki. bu il məktəbin məzunlarından biri yüksək balla Azərbaycan Tibb Universitetinə, biri isə Naxçıvan Tibb Kollecinə qəbul olublar.
110 şagird yerlik Parağa kənd tam orta məktəbdə ikisi elektron lövhəli olmaqla, 11 sinif otağı, kompyuter sinfi, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kitabxana, müasir idman zalı müəllim və şagird kollektivinin istifadəsinə verilir. Hazırda burada 53 məktəbliyə 18 müəllim dərs keçir.
“Parağa kəndində aparılan quruculuq işləri ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, həm də dövlətimizin insan amilinə, onların yüksək həyat standartları səviyyəsində yaşamasına göstərdiyi qayğının bariz nümunəsidir”, - deyə V.Talıbov kənd mərkəzinin açılış mərasimində bildirib.
Ali Məclisinin sədri qeyd edib ki, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Parağa kəndində bütün sosial problemlər öz həllini tapıb. V.Talıbov Muxtar Respublikada kəndlərin inkişafına göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib.
İki mərtəbədən ibarət olan kənd mərkəzində 384 nömrəlik elektron avtomat telefon stansiyası quraşdırılıb, feldşer məntəqəsi, polis sahəsi və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 56 yerlik zal yerləşir.
Xidmət mərkəzində bərbərxana, ət və ərzaq məhsullarının satışı üzrə mağaza fəaliyyət göstərir.
Kənddə su, qaz boru kəmərləri, elekrik xəttləri çəkilib, transformator yarımstansiyası quraşdırılıb, abadlıq işləri aparılıb.