Dekabrın 11-də Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Biennale çərçivəsində sərgilər Bakı şəhərindəki 15 qalereyada təşkil olunacaq. Biennalenin əsas məqsədi Azərbaycan müasir incəsənətini dünyanın incəsənət ustalarına və sənətşünaslarına tanıtmaqdır.
Bundan başqa, forum bir çox ölkələrdən insanların Azərbaycan rəssamlarının yaradıcılığı ilə tanış olmasına və beləliklə, rəssamlarımızın bizim təsviri incəsənət nümayəndələrimizin sənətinin təbliğinə kömək edəcək.
Biennaledə Avropa və Asiya ölkələrindən olan rəssamlar, sənətşünaslar və kuratorlar iştirak edəcəklər.
"Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi dekabrın 16-na qədər davam edəcək. Biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "Yarat!" Yaradıcılıq Məkanıdır.
Bakıda "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi 2003-cü ildən etibarən hər iki ildən bir keçirilir.