Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda siyasi partiyalarda mühasibat uçotunun aparılması qaydalarını müəyyən edən “Mühasibat uçotu haqqında” qanuna düzəlişləri qəbul edib.
Qanunun 13-cü maddəsinə edilən düzəlişlərə əsasən, siyasi partiyalar siyasi partiyaların sadələşdirilmiş mühasibat uşotu əsasında maliyyə hesabtları tərtib etməlidirlər. Bu qaydalar Müvafiq icra hakimiyyəti orqanı (MİHO) tərəfindən işlənib hazırlanır.
Qanunun 14-cü maddəsinə edilən dəyişikliklərə əsasən siyasi partiyalar illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq MİHO-ya təqdim etməlidirlər.Bununla yanaşı, MİHO maliyyə hesabatının formasını və onun tərtib edilmə qaydasını müəyyənləşdirir.
Bundan başqa, siyasi partiyaların illik maliyə hesabatı icbari qaydada auditdən keçməlidir. Maliyyə hesabatı və auditorun rəyi kütləvi informasiya vasitələrində dərc edilməlidir.
Parlament həmçinin, çərşənbə axşamı İnzibati Xətalar Məcəlləsinə aviasiya təhlükəsizliyinin pozulmasına görə cərimələrin həcmini müəyyən edən düzəliş və əlavələr edib.
Əgər aeroport ərazisində yerləşən obyekt, təşkilat və idarələr müəyyən edilmiş fəaliyyət qaydalarına əməl etmirlərsə, onda vəzifəli şəxslər üçün cərimə 500 manat, hüquqi şəxslər üçün 1 min manat təşkil edəcək.
Bundan başqa, hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə, vəzifəli şəxslər üçün 1 min, hüquqi şəxslər üçün 3 min manat məbləğində cərimə nəzərdə tutulur.
Hava gəmilərinin yoxlanılması qaydalarının pozulmasına görə, vəzifəli şəxslər üçün cərimə 1 min manat, aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni tövsiyələrininə riyayət edilməməsinə görə fiziki şəxslər üçün cərimə 50 min manat, vəzifəli şəxslər üçün 500 manat, hüquqi şəxslər üçün 1 min manat təşkil edəcək.