Azərbaycan ictimaiyyəti çərşənbə günü ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar onun xatirəsini yad edir.
Səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyəti Heydər Əliyevin dəfn olunduğu Fəxri Xiyabanı ziyarət edir. Gün ərzində Prezident İlham Əliyevin, hökumət və parlament nümayəndələrinin ümummilli liderin məzarını ziyarət edəcəyi gözlənilir.
Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olub. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb, 1969-cu ildə isə Azərbaycan SSR Kommunist Partiyası MK-nın birinci katibi seçilib. O, 1982-ci ilə qədər bu vəzifədə işləyib, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib, 1987-ci ildə bu postu tərk edib. 1990-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olub. 1993-cü ildə Azərbaycan Prezidenti seçilən H.Əliyev 1998-ci ildə yenidən bu posta seçilir. Onun Azərbaycanda rəhbərliyi illərində iqtisadi inkişaf başlayıb, ictimai-siyasi sabitlik təmin olunub, vətəndaş müharibəsinin qarşısı alınıb, Dağlıq Qarabağ münaqişəsində Ermənistanla atəşkəs rejiminə nail olunub. H.Əliyevin rəhbərliyi altında Azərbaycanın neft strategiyasının əsası qoyulub.
Azərbaycanın ümummilli lideri H.Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlenddə (ABŞ) dünyasını dəyişib.