Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib.
"İnterfaks-Azərbaycan" agentliyinin müxbiri xəbər verir ki, dövlət başçısı ilə birlikdə hökumət və parlament rəhbərləri, eləcə də digər rəsmi şəxslər H.Əliyevin dəfn olunduğu Fəxri Xiyabana gəliblər.
Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olub. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb, 1969-cu ildə isə Azərbaycan SSR Kommunist Partiyası MK-nın birinci katibi seçilib. O, 1982-ci ilə qədər bu vəzifədə işləyib, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib, 1987-ci ildə bu postu tərk edib. 1990-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olub. 1993-cü ildə Azərbaycan Prezidenti seçilən H.Əliyev 1998-ci ildə yenidən bu posta seçilir. Onun Azərbaycanda rəhbərliyi illərində iqtisadi inkişaf başlayıb, ictimai-siyasi sabitlik təmin olunub, vətəndaş müharibəsinin qarşısı alınıb, Dağlıq Qarabağ münaqişəsində Ermənistanla atəşkəs rejiminə nail olunub. H.Əliyevin rəhbərliyi altında Azərbaycanın neft strategiyasının əsası qoyulub.
Azərbaycanın ümummilli lideri H.Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlenddə (ABŞ) dünyasını dəyişib.