Azərbaycan Mərkəzi Bankı (AMB) kifayət qədər kapitallaşma səviyyəsi olmayan banklara birləşməyi tövsiyə edir. AMB İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə günü jurnalistlərə belə söyləyib.
Xəbər verildiyi kimi, 2012-ci ilin avqust ayında AMB bankıların məcmu kapitalına olan minimal tələbi 10 mln. manatdan 50 mln. manatadək artırmaq barədə qərar qəbul edib. Qərar hazırda respublikada fəaliyyət göstərən banklar üçün 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
“Biz kapitallaşma məsələlərini müzakirə etmək üçün banklarla danışıqlara başlamışıq.Bu gün Azərbaycandakı bankların 87%-i müəyyən edilmiş minimumdan (50 mln. manat-İF-Az) yuxarı məcmu kapitala malikdir.Buna görə biz bu banklar üçün bir problem görmürük.Qalan 13% bankların məsələsi açıq qalır”,- deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, AMB minimal tələb üzrə kapitalı çatışmayan banklara bağlanmaq şərti qoymur. “Biz başqa banklarla rəqabət apara bilmələri üçün onlara birləşməyi təklif edirik”,- deyə o əlavə edib.
E.Rüstəmov söyləyib ki, beynəlxalq maliyyə təşkilatları AMB-nin bankların kapitalının artırılmasına yönəlmiş siyasətini dəstəkləyir.Bununla yanaşı , o qeyd edib ki, beynəlxalq maliyyə təşkilatları birləşmələr nəticəsində yaranmış yeni bankların kapitalına qoşulmağa hazırdır.
“Birləşmə prosesləri bank sektorunun yaxşılaşmasına gətirib çıxaracaq. Biz Avropada böhran şəraitində zəif bank sisteminin hansı problemlər yaratdığını görürük.Buna görə Azərbaycanda fəaliyyət göstərən banklar öz kapitallarını artırmalıdırlar”,- deyə o qeyd edib.
Hazırda Azərbaycanda 43 bankın fəaliyyət göstərmək üçün lisenziyası var.