2013-cü ilin yanvar ayında Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
“Güman edirəm ki, görüş yanvarın sonuncu həftəsi baş tutacaq”, - deyə o, çərşənbə günü mətbuat konfransında bildirib.
Nazir deyib ki, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilərin son təkliflərini müzakirə edəcəklər, bu təkliflər arasında bəzi yeni ideyalar da var.
ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində keçirilən sonuncu iclasında Qarabağ münaqişəsinə dair birgə bəyanatın qəbul olunmaması faktına toxunan E.Məmmədyarov qeyd edib ki, bu, son bir neçə il ərzində ilk dəfədir baş verir.
Onun sözlərinə görə, bu, Ermənistanın ucbatından baş verib. Nazir ehtimal edib ki, belə mövqe Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ola bilər.