Mədəniyyət və Turizm Nazirliyi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən milli musiqi aləti tarda ifaçılıq sənətinin Azərbaycan xalqına məxsus olduğuna dair İranın etirazını əsassız hesab edir.
“Biz, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi olaraq, öz işimizi gördük, xalqımız qarşısında borcumuzu yerinə yetirdik və nəticədə tarda ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Hər hansı postfaktum narazılıqlar yersizdir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat katibi Zöhrə Əliyeva bildirib.
Onun sözlərinə görə, UNESCO-nun bu qərarına mənfi münasibət bəsləyən İran Musiqi Evi İranın qeyri-rəsmi strukturudur. Bu səbəbdən Azərbaycan İran tərəfindən rəsmi müraciət almayıb.
“Mənə məlumdur ki, İran bu yaxınlarda UNESCO-nun qeyri-maddi mədəni irsin siyahısına daxil edilmək üçün öz nümunəsini təqdim edib”, - deyə Z.Əliyeva bildirib.
Nazirliyin nümayəndəsi xatırladıb ki, UNESCO-nun siyahısına daxil ediləndən öncə hər hansı nümunə ekspertlər tərəfindən diqqətlə araşdırılır və qərar həmin ekspertizanın nəticələri əsasında qəbul edilir.
İran mətbuatının məlumatına əsasən, İran Musiqi Evinin nümayəndəsi tarda ifaçılıq sənətinin Azərbaycan sənətinin bir növü kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə etirazını bildirib. Nümayəndələrin fikrincə, bu siyahıda tar həm İran, həm də Azərbaycanın musiqi aləti kimi təqdim edilməlidir.