Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla 2018-ci ilə qədər əməkdaşlıq strategiyası çərçivəsində 2013-cü ilin I rübündə kreditləşdirmək üçün prioritet sahələri müəyyən edəcək. Bu barədə AİB-in Bakı ofisinin direktoru Olli Noroyono cümə axşamı mətbuat konfransında bəyan edib.
“Biz hazırda Azərbaycanla 2013-2017-ci illərə əməkdaşlıq strategiyası üzrəində çalışırıq. 2013-cü ilin birinci rübündə Azərbaycan hökuməti ilə məsləhətləşmələrdən sonra biz beş illik müddətə kreditləşmənin prioritet sahələrini müəyyən edəcəyik”, - deyə O.Noroyono “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, AİB gələcək beş ildə bankın fəaliyyət göstərə biləcəyi sektorların tematik təhlilini keçirib. “Strategiya çərçivəsində hansı sektorların prioritet olacağına hələ ki qərar verməmişik. Lakin, birmənalı şəkildə strategiyada əsas prioritetlərdən biri infrastruktur layihələrin kreditləşməsidir”, - deyə o qeyd edib.
Eyni zamanda o vurğulayıb ki, gələn ilin sonuna kimi strategiyanın təsdiq edilməsi gözlənilir.
O.Noroyono əlavə edib ki, hazırda strategiya çərçivəsində bankın Azərbaycanda kreditləşdirdiyi layihələrin həcmi barədə danışmaq tezdir.
“Biz yaxın iki il ərzində kreditlıəşməyə dair planlar barədə danışa bilərik. Xüsusilə, biznes-plana əsasən, 2013-cü ildə bank Azərbaycanda $155 mln., 2014-cü ildə - $170 mln. məbləğində layihələrin reallaşdırılması üçün kreditləri təsdiq etməyi planlaşdırır. Lakin, bu yalnız ilkin qiymətləndirmədir. Vəziyyət və tələbatdan aslılı olaraq rəqəmlər dəyişə bilər”, - deyə o bildirib.
O.Noroyono vurğulayıb ki, hazırda AİB Azərbaycanda 7 layihə reallaşdırır. Onların çərçivəsində $990 mln. məbləğində kreditlər ayrılıb. Bu vəsaitin 46%-ni nəqliyyat, 38%-ni – şəhər təsərrüfatı (su təchizatı) və 16%-ni - energetika sahəsində layihələrə yönəlmək nəzərədə tutulub.
Azərbaycan 1999-cu ildən etibarən AİB-in üzvüdür.