Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “İsmayıloğlu-2009” MMC-də qənnadı məmulatlarının istehsalını qadağan edib. Bu barədə müəssisədən məlumat verilib.
“Bu qərar və cərimə sanksiyalarının tətbiqi müəssisədə Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan dövlət nəzarəti nəticələri əsasında qəbul edilib”, - deyə məlumatda qeyd olunur.
Komitənin məlumatına görə, yoxlamalar zamanı müəyyən edilib ki, müəssisədə 4 adda məhsul - küncütlü şirniyyat, nabatlı karamel, jeleli marmelad, türk paxlavası istehsal olunub.
Bununla yanaşı, küncütlü şirniyyat, jeleli marmelad və türk paxlavası müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olununb. Müəssisədə sanitariya norma və qaydalara riayət olunmur, standartların tələblərinə uyğun, insan həyatı və sağlamlığı üçün təhlükəsiz məhsul istehsal etmək üçün tam lazımi şərait müşahidə edilməyib.
O cümlədən, köhnə taxta və karton materiallarla arakəsmələr düzəldilərək hazır məhsul və xammal ambarı, istehsal sexləri yaradılıb. Məhsulun saxlanma temperaturuna və nəmliyə riayət etmək üçün şərait yoxdur. Məhsulların üzərinə saxlanma tarixi istehsal bitdiyi tarixdən yox, satışa çıxarıldığı tarixdən vurulur.
Həmçinin, anbarda üzərində istehsal tarixi olmayan, nə vaxt istehsal olunduğu məlum olmayan (1 ton marmaled, 450 kq küncütlü karamel, 60-70 kq nabatlı karamel) məhsullar aşkar edilib.