Bakı Şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi Binəqədi rayonunda uşaq bağçasında baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.
Məlumata əsasən, Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar edilib.
Məlumatda qeyd edilir ki, Binəqədi rayonunda yerləşən 138 saylı uşaq bağçasında dekabrın 13-də qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Müəyyən edilib ki, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-ün səhhəti pisləşdiyindən “qida zəhərlənməsi” diaqnozu ilə xəstəxanalara yerləşdiriliblər. Hər iki xəstəxanada uşaqlar müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.
Hazırda fakta görə cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.