Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti və AMEA Geologiya İnstitutunun alimləri Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlı layihənin ikinci mərhələsini reallaşdırılmağa başlayırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA Geologiya İnstitutundan
Məlumat verilib.
Lahiyə çərçivəsində respublika ərazisində radonun miqdarının anomal olduğu ərazilər təyin olunur. Mənbənin sözlərinə görə, artıq respublikada radonun aktivlik xəritəsi tərtib olunub. Xəritəyə görə ölkə ərazisində radon qazının paylanması nəticəsində ekoloji təmiz və texnogen pozulmuş ərazilər aşkar olunub.
Layihənin məqsədlərindən biri tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirməkdir. Hazırda İsveçrədən radon qazını təyin edən “Radon Scout Plus” adlı elmi tədqiqat avadanlığı gətirilib. O, bir neçə saata radonun qatılığını təyin edə bilir. Evlərdə radon qazı aşkar olunarsa ventilyasiya, hava çəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılacaq. Bu qaz normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur
Layihə İsveçrə Elm Fondunun dəstəyi ilə aparılır.