2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) avtomobil benzininin istehsal həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% - 1 mln. 181,4 min tona qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, yanvar-noyabr aylarında ağ neft istehsalında 2,4% - 579 min ton, neft bitumu istehsalında 11,6% - 269 min tona qədər artım qeydə alınıb.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 30,2% - 136,1 min ton, dizel yanacağı 4,4% - 2 mln. 169,9 min ton, sürtkü yağı istehsalı 29,5% - 60,1 min tona qədər azalıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.